Aİ ölkələri 127 milyard avro həcmində hərbi kreditlər tələb edirlər

Digər ölkələr
  • 30 iyul, 2025
  • 16:10
Aİ ölkələri 127 milyard avro həcmində hərbi kreditlər tələb edirlər

Avropa İttifaqının (Aİ) 18 ölkəsi Avropa Komissiyasına təşkilatın birgə müdafiə investisiya proqramının (SAFE) həyata keçirilməsinin ilk günündə silah və hərbi texnika alınması üçün 127 milyard avro məbləğində məqsədli kreditlərin ayrılması ilə bağlı sorğu göndərib.

“Report”un Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, belə kreditlər üçün Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Yunanıstan, İspaniya, Fransa, Xorvatiya, İtaliya, Kipr, Latviya, Litva, Macarıstan, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və Finlandiya müraciət edib.

Siyahıdan göründüyü kimi, Şərqi Avropa ölkələri daha fəaldır. Eyni zamanda, Polşa, Çexiya, Baltikyanı ölkələr kimi dövlətlər öz büdcələrində müdafiə xərclərini hər il artırırlar. Xüsusilə, Polşa artıq büdcəsinin 4,7 %-dən çoxunu buna xərcləyir və bu göstəriciyə görə NATO-da Avropa ölkələri arasında birinci yeri tutur.

"Aİ-nin 18 ölkəsi SAFE çərçivəsində azı 127 milyard avro tələb edib", - müdafiə üzrə Avropa komissarı Andrius Kubilius bildirib.

O izah edib ki, təşkilata üzv ölkələr bu proqram üzrə hərbi kreditlər üçün ərizələri 30 iyul - 30 noyabr tarixləri arasında yerləşdirə bilərlər və Avropa Komissiyası bu ərizələri qiymətləndirdikdən sonra bütün Avropa İttifaqı adından kommersiya bazarından kreditlər cəlb edəcək.

Bu proqramın vəsaitlərini Aİ ölkələri silah, hərbi texnika və sursat alınması ilə yanaşı, kiber təhlükəsizlik sistemlərinin və strateji malların tədarük zəncirlərinin yaradılması üçün də istifadə edə bilərlər. Bütün layihələr Avropa İttifaqının hərbi potensialının artırılmasına yönəlməlidir.

44 - Tezliklə