Əfqanıstanda “Taliban”ın min üzvü həbsdən buraxılıb
- 09 may, 2020
- 09:46
Əfqanıstan hakimiyyəti indiyədək “Taliban” hərəkatının min üzvünü həbsdən azad edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Əfqanıstanın Milli Təhlükəsizlik Şurası bu barədə açıqlama yayıb.
“COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Əfqanıstan hakimiyyəti “Taliban”ın 1 000 üzvünü sərbəst buraxıb. Bundan sonra “Taliban” Əfqanıstan Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hərbçilərinin sərbəst buraxılmasını sürətləndirməli, zorakılıq tətbiqini dayandırmalı, hakimiyyətlə birbaşa danışıqlara başlamağa hazırlaşmalıdır”, - deyə Şura bildirib.
“Taliban”ın Qətərdəki siyasi idarəsinin nümayəndəsi Süheyl Şahin əsirlikdə saxladıqları Əfqanıstanın 48 hərbçisini sərbəst buraxdıqlarını deyib.
Qeyd edək ki, taliblər Əfqanıstan hakimiyyətindən ABŞ-la əldə olunan razılaşmaya əsasən, 5 min əsirin sərbəst buraxılmasını istəyir. Əfqanıstan hakimiyyəti isə 1,5 min məhbusun tədricən sərbəst buraxılacağına razılıq verib.
Xatırladaq ki, cari ilin fevral ayında Qətərdə ABŞ-la “Taliban” 18 ildən sonra ilk dəfə sülh haqqında razılıq imzalayıb. Həmin razılaşmada 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılması, əsirlərin mübadiləsindən sonra hakimiyyətlə danışıqlara başlanması nəzərdə tutulub.