Əfqanıstanda baş verən zəlzələ nəticəsində 27 nəfər ölüb, təxminən 900 nəfər yaralanıb - YENİLƏNİB-6
- 03 noyabr, 2025
- 17:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində yaralananların sayı 900-ə yaxınlaşıb.
"Report"un "Tolo news" portalına istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi ölkələri üzrə regional bürosunun direktoru Hanan Balxi bildirib.
"Ölkənin şimalında baş verən güclü zəlzələ azı 27 nəfərin həyatına son qoyub və 850-dən çox insanın yaralanmasına səbəb olub. Zəlzələdən zərər çəkmiş bəzi rayonlarda vəziyyət kritikdir. Xilasetmə komandaları yaralılara yardım göstərmək üçün işləyirlər", - o qeyd edib.
Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində həlak olanların sayı 27-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Bakhtar News" dövlət agentliyi məlumat yayıb.
Bundan əlavə, təxminən 730 nəfər yaralanıb.
Əfqanıstanda baş verən zəlzələ nəticəsində yaralananların sayı 534-ə çatıb.
"Report"un məlumatına görə, bu barədə Əfqanıstanın İctimai Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman Amarheyil "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, 534 yaralı xəstəxanalara çatdırılıb, 20-dən çox insan ölüb.
Ərazidə hələ də xilasetmə komandaları işləyir.
Əfqanıstanda zəlzələ nəticəsində yaralananların sayı 300 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Afghanistan International" Milli Olimpiya Komitəsinin, "Taliban" hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin feysbukdakı açıqlamasına istinad edib.
Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.
"Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər", - Əhmədullah Vasiq yazıb.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ qeydə alınıb.
Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoyub.
Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudada zəlzələ nəticəsində azı yeddi nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters agentliyi məlumat yayıb.
Yerli səhiyyə idarəsinin məlumatına görə, daha 150 nəfər yaralanıb.
Bundan əvvəl Balx əyalətinin qubernatorunun sözçüsü Hacı Zayed dörd nəfərin öldüyünü bildirib.
ABŞ-nin Geologiya Xidməti Əfqanıstanın Hindquş dağlarında 6,3 maqnitudada zəlzələnin baş verdiyini bildirib. Məlumata görə, zəlzələnin episentri təxminən 523 000 insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, episentr 10 kilometr dərinlikdə yerləşib.
Əfqanıstanın şimalında baş verən güclü zəlzələ nəticəsində azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.
"Report"un məlumatına görə, bu barədə yerli "Afghanistan International" portalı xəbər verib.
Təbii hadisənin episentrinin yerləşdiyi Balx vilayəti qubernatorunun sözçüsü Şolqara rayonunda ölüm hallarının qeydə alındığını bildirib.
Nəşr ölənlərin sayının kəskin şəkildə arta biləcəyi ehtimalını istisna etmir. CNN telekanalı ekspert hesabatlarına istinadən zəlzələdən sonra kütləvi insan tələfatı ehtimalının yüksək olduğunu da bildirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə əhəmiyyətli dağıntılar və onlarla ölüm halları göstərilir, lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.
Xatırladaq ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:28-də, ölkənin şimalında, Balx əyalətinin Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə 6,3 maqnitudada qeydə alınıb. 2025-ci ilin avqust ayında Əfqanıstanda 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 2 200-dən çox insan həlak olub.