Doqquz Aİ ölkəsi Avropa Komissiyasını yeni giriş qaydalarının tətbiqini təxirə salmağa çağırır
- 09 iyul, 2026
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Doqquz Avropa ölkəsi - Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Malta, Niderland, Portuqaliya və İsveçrə Avropa Komissiyasını giriş-çıxış sisteminə (EES) münasibətdə fövqəladə çeviklik rejiminin qüvvədə olma müddətini uzatmağa çağırır.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri həmin ölkələrin daxili işlər üzrə komissar Maqnus Brunnerə ünvanladıqları birgə məktuba istinadən məlumat yayıb.
Məktubda qeyd olunub ki, bu ölkələr mövcud ehtiyat tədbirlərini tədricən ləğv etməyə hələ hazır deyillər və EES-in fəaliyyətinin ilk aylarında gözardı edilə bilməyəcək "əhəmiyyətli çətinliklər" aşkar edilib.
Ölkələr yeni sistemin tətbiqini dəstəklədiklərini təsdiqləyib, lakin Avropa Komissiyasını sistemə inteqrasiya olunmuş fövqəladə vəziyyət mexanizminin 2026-cı il sentyabrın 6-da başa çatan qüvvədə olma müddətindən sonra da istifadəsinə icazə verməyə çağırıblar.
Bu mexanizm sərhəd orqanlarına sıxlığı azaltmaq məqsədilə müstəsna hallarda səyahətçilərin barmaq izlərinin toplanmasını və üzlərinin skan edilməsini müvəqqəti dayandırmağa, bununla yanaşı Şengen zonasına daxil olan və oradan çıxan hər kəsi qeydiyyata almağa davam etməyə imkan verir.