Donald Tramp ordu naziri vəzifəsinə namizədini açıqlayıb
- 19 dekabr, 2016
- 18:11
Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder Vinsent Violanı ölkənin ordu naziri postuna təyin etmək niyyətində olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə keçid administrasiyasının saytında dərc olunan məlumatda bildirilir.
Sənəddə göstərilir ki, cənab Viola ordu naziri vəzifəsində milli təhlükəsizlik sahəsində malik olduğu böyük təcrübəsini tətbiq edə, həmçinin hərbi və özəl sahədə yüksək peşəkarlığa malik mütəxəssislər qrupunun idarə olunması üzrə öz sanballı bacarıqlarından istifadə edə bilər.
Bildirilir ki, Vinsent Viola ABŞ-ın Vest-Poyntdəki Hərbi Akademiyasının məzunu və ölkənin ordu veteranıdır.
Vinsent Viola, həmçinin "Virtu Financial" treydinq şirkətinin təsisçisi və rəhbəridir. Onun varidatı 1,8 mlrd. dollar dəyərində qiymətləndirilir.