Dəməşq, Vaşinqton və Paris Suriyada keçid dövrünün dəstəklənməsi üçün səyləri birləşdirir
- 25 iyul, 2025
- 17:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriya, ABŞ və Fransa Suriyada keçid dövrünün dəstəklənməsi üçün səyləri birləşdirməklə bağlı razılığa gəliblər.
Bu barədə “Report” Suriyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər qonşu ölkələrin Suriyaya, Suriyanın isə həmin ölkələrə təhlükə yaratmayacağına zəmanət verilməsini zəruri hesab ediblər.
"Suriya diplomatiyasının başçısı Əsəd Həsən əl-Şaybani, Fransanın xarici işlər naziri Jan-Noel Barro, ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tomas Barrak Parisdə konstruktiv görüş keçiriblər. Tərəflər Suriyada keçid prosesinin uğurunun təmin edilməsi, ölkənin birliyinin və suverenliyinin qorunması istiqamətində səylərə operativ şəkildə qoşulmaq, həmçinin terrorizmin bütün formalarına qarşı mübarizəyə sadiq qalmaq barədə razılığa gəliblər", - bəyanatda deyilir.
Görüş iştirakçıları milli barışıq və sosial birliyin gücləndirilməsi naminə siyasi keçidin reallaşdırılmasında Suriya hökumətinə dəstəklərini ifadə ediblər.
Tərəflər 10 mart tarixli sazişin tam şəkildə həyata keçirilməsi üçün tezliklə Parisdə Suriya hökuməti və Suriya Demokratik Qüvvələri arasında məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.