Danimarka səfiri Quranın yandırılması ilə bağlı Misir XİN-ə çağırılıb

Digər ölkələr
  • 27 iyul, 2023
  • 15:52
Danimarka səfiri Quranın yandırılması ilə bağlı Misir XİN-ə çağırılıb

Danimarkanın Qahirədəki səfiri Misir Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.

Bildirilib ki, Danimarka səfirinin XİN-ə çağırılmasına səbəb bu ölkədə bir müddət əvvəl Qurani-Kərimin yandırılmasıdır.

“Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması aktlarını qəbul etmirik. Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”, - Misir XİN-in bəyanatında qeyd edilib.

Qeyd edək ki, iyulun 25-də Misirin Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.

Xatırladaq ki, qrup üzvləri iyulun 21-də də İraqın Kopenhagendəki səfirliyi yaxınlığında analoji hal törədərək, aksiyanı canlı yayımlamışdılar. Daha əvvəl, iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında Quran nümayişkənarə şəkildə yandırılıb.

44 - Tezliklə