Aİ-nin energetika üzrə komissarı: Avropa daha heç vaxt Rusiya qazını almamalıdır

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 21:42
Aİ-nin energetika üzrə komissarı: Avropa daha heç vaxt Rusiya qazını almamalıdır

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra da Rusiya qazının idxalına qayıtmamalıdır.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqının Enerji və Xarici İşlər Şurasının Lüksemburqda keçirilən iclasından sonra Aİ-nin energetika üzrə komissarı Dan Yorqensen bildirib.

"Məncə, biz daha heç vaxt Rusiyadan qaz idxal etməməliyik. Hətta sülh əldə edilsə belə, yenidən Rusiya enerjisindən asılı olmaq böyük səhv olardı", - o deyib.

Avrokomissarın sözlərinə görə, müntəzəm yenilənmə tələb edən və sülhdən sonra yenidən nəzərdən keçirilə bilən sanksiyalardan fərqli olaraq, Rusiya qazının idxalına qoyulan qadağa Aİ qanunvericiliyində təsbit olunub və daimi olaraq qüvvədə olacaq. "Aİ Rusiyanın enerji resurslarından imtinaya təkcə iqtisadi tədbir kimi deyil, həm də təhlükəsizlik məsələsi kimi baxır", - o bildirib.

Yorqensen xatırladıb ki, Aİ daha əvvəl Rusiya enerjisindən imtina, tədarükləri şaxələndirmək və bərpa olunan enerji mənbələrini inkişaf etdirmək məqsədi daşıyan "REPowerEU" paketi üzrə danışıqları sürətləndirməyə qərar verib.

"Sülhdən sonra belə nə Aİ nazirləri, nə də üzv ölkələr Putinə etibar edəcək", - avrokomissar əlavə edib.

Daha əvvəl Aİ-nin Enerji Şurasının rəhbəri 25 üzv dövlətin 2028-ci ilə qədər Rusiyadan enerji idxalının tam dayandırılmasını və yerli, karbonsuzlaşdırılmış enerji mənbələrinə keçidi nəzərdə tutan "REPowerEU" layihəsi ilə bağlı ümumi mövqeyi dəstəklədiyini açıqlamışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti