Dağıstandakı iğtişaşlar fonunda Çeçenistanda təxribata cəhd olub
- 30 oktyabr, 2023
- 23:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Dağıstanda kütləvi iğtişaşlar fonunda bölgədə saxta çağırışlar vasitəsilə təxribat cəhdinin qarşısı alındığını bildirib.
“Report” xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.
“Dünən gecə Çeçenistan Respublikasının özündə belə bir təxribat cəhdinin qarşısı çox tez alındı. Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevin başçılıq etdiyi regional media saxta paylaşımalara dərhal diqqət çəkib və xəbərdarlıq edib. Polis və Milli Qvardiya da istənilən təxribata cavab vermək üçün hazır vəziyyətə gətirilib”, - Kadırov yazıb.
Qeyd edək ki, oktyabrın 29-da Mahaçqala hava limanında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib.
Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb.
Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 80-dən çox iğtişaş iştirakçısı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni təxribatla əlaqələndirərək pisləyiblər.