Çin, Yaponiya və Cənubi Koreya ÜTT-də islahatların tərəfdarıdır

Digər ölkələr
  • 24 dekabr, 2019
  • 13:51
Çin, Yaponiya və Cənubi Koreya ÜTT-də islahatların tərəfdarıdır

Çin, Yaponiya və Cənubi Koreya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) fəaliyyətini təkmilləşdirmək üçün bu qurumda islahatlara tərəfdardır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin cənubundakı Çenqdu şəhərində keçirilən və daha çox Şimali Koreyanın raket sınaqları məsələsinə həsr olunan Çin Dövlət Şurasının sədri Li Keçianq, Yaponiya baş naziri Şinzo Abe, Cənubi Koreya prezidenti Mun Ce-in arasındakı üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda bildirilir.

“Ölkələrimizin inkişaf səviyyəsini nəzərə almaqla əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün inkişaf strategiyamızı uzlaşdıracağıq. Bununla bağlı hər üç ölkə açıq, dürüst, şəffaf, anlaşılan, sabit ticarət və sərmayə mühit yaratmağa səy göstərərək bazarlarını sərbəst qoyacaqlar. Biz ÜTT-də islahatların zərurliyini, fəaliyyətini təkmilləşdirməyi dəstəklədiyimizi təsdiq edirik”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən birgə bəyanatda qeyd olunur.

Tərəflər həmçinin sərbəst ticarət bölgəsi yaratmaq barədə üçtərəfli danışıqları daha da fəallaşdırmaq barədə razılığa gəliblər.