Çin polisi Tayvanın psixoloji müharibə dəstəsi haqqında sübutlar toplayır
- 11 oktyabr, 2025
- 08:15

Çinin Fuçzyan vilayətinin Şyamen şəhər polisi Tayvanın psixoloji müharibə dəstəsinin 18 üzvünün qanunsuz fəaliyyəti ilə bağlı məlumat verənlərə mükafat təyin edib.
"Report" xəbər verir ki, bu barədə "Pengpai" nəşri məlumat yayıb.
İstintaq məlumatına görə, həmin dəstədə dezinformasiya, kəşfiyyat məlumatlarının toplanması, taktiki psixoloji müharibə və təbliğat kimi tapşırıqlarla məşğul olan altı bölmə fəaliyyət göstərir.
Çin polisi bildirib ki, qrup üzvləri böhtan xarakterli kampaniyalar aparmaq məqsədilə vebsaytlar yaradıblar. Onlar təhrikçiliklə məşğul olur, saxta videomateriallar hazırlayır, qeyri-qanuni radiostansiyalardan istifadə edir və xarici qüvvələrin dəstəyi ilə ictimai rəyi manipulyasiya edirdilər.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onların fəaliyyəti Tayvanın müstəqilliyi ideyalarının təbliği və adanın Çindən ayrılmasına təhrik məqsədi daşıyır.
Polis Tayvan sakinlərini separatçı qüvvələrdən uzaq durmağa, onların qanunsuz fəaliyyətini ifşa etməyə və Tayvanın müstəqilliyi ideyalarına qarşı mübarizədə həmvətənləri ilə əməkdaşlığa çağırıb.