Çin ABŞ dövlət istiqrazlarına yatırımlarını 633,4 milyard dollara qədər azaldıb

Digər ölkələr
  • 18 avqust, 2026
  • 02:09
Çin ABŞ dövlət istiqrazlarına yatırımlarını 633,4 milyard dollara qədər azaldıb

Çinin ABŞ dövlət istiqrazlarına yatırdığı vəsaitin həcmi bir il ərzində - 2025-ci ilin iyunundan 2026-cı ilin iyununa qədər - 731,4 milyard dollardan 633,4 milyard dollara qədər azalıb.

"Report"un ABŞ Maliyyə Nazirliyinin sənədlərinə istinadən verdiyi məlumata görə, Çin ABŞ-ın dövlət borcuna yatırımlarının həcmini ardıcıl olaraq azaltmaqda davam edir.

Çin uzun müddət ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahibi olub. 2019-cu ilin fevralında Çinin ABŞ dövlət istiqrazlarına yatırımlarının həcmi rekord həddə - 1,13 trilyon dollara çatıb.

2019-cu ilin iyununda Çin bu göstəriciyə görə birinci yeri Yaponiyaya verib. Həmin vaxt Yaponiyanın ABŞ dövlət istiqrazlarına yatırımı 1,12 trilyon dollar, Çinin yatırımı isə 1,11 trilyon dollar təşkil edib. O vaxtdan bəri Yaponiya bu göstərici üzrə liderliyini qoruyur.

Çin 2021-ci ilin sonlarından etibarən ABŞ dövlət borcuna yatırımlarını ardıcıl şəkildə azaldır. 2021-ci ilin dekabrında bu göstərici 1,07 trilyon dollar, 2022-ci ilin dekabrında 867,1 milyard dollar, 2023-cü ilin dekabrında 816 milyard dollar, 2024-cü ilin dekabrında 759 milyard dollar, 2025-ci ilin dekabrında isə 683,5 milyard dollar olub.

44 - Tezliklə