Çexiya XİN vətəndaşlarını Venesuelanı tərk etməyə çağırıb
- 24 noyabr, 2025
- 23:40
Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə "ČTK" xəbər agentliyi məlumat yayıb.
"ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər regionda hərbi fəallığın artması ilə əlaqədar Karakasa və oradan aviareysləri ləğv edib. Biz bütün mümkün vasitələrdən istifadə etməklə Çexiya vətəndaşlarına mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik", - agentlik XİN-in müvafiq sənədindən sitat gətirib.
Qeyd edək ki, müxtəlif ölkələrdən çoxsaylı aviaşirkətlər Venesuelaya uçuşları dayandırıb. Hazırda ölkə ilə beynəlxalq hava nəqliyyatı onun milli aviaşirkətləri və Kolumbiyanın Wingo aviaşirkətinin uçuşları sayəsində təmin edilir.
Agentlik bildirib ki, ABŞ cari ilin sentyabr ayından Karib dənizi regionuna hərbi gəmilər və təyyarələr göndərib. Noyabr ayında ABŞ oradakı mövcudluğunu dünyanın ən böyük döyüş gəmisi olan "USS Gerald R. Ford"la gücləndirilib.