CENTCOM İranın 5 neft tankerinin məhv edildiyini açıqlayıb

Digər ölkələr
  • 09 sentyabr, 2026
  • 02:43
CENTCOM İranın 5 neft tankerinin məhv edildiyini açıqlayıb

ABŞ Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika hərbi gəmisinə ballistik raketlərlə hücum etmək istiqamətindəki iki cəhdindən sonra İranın beş xam neft tankerini məhv edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

CENTCOM-un məlumatına görə, iki gün ərzində İran hərbçiləri Amerika hərbi gəmisinə iki dəfə hücum edib, lakin gəmi raket zərbələrindən yayınmağı bacarıb və regionda patrul xidmətini davam etdirib. ABŞ hərbi qulluqçuları arasında xəsarət alan yoxdur.

Hücumlara cavab olaraq Amerika qüvvələri Oman körfəzində "M/T Kaviz", "M/T Charminar", "M/T Horizon 1" və "M/T Riesco" tankerlərini, həmçinin Xarq adası yaxınlığında "M/T Derya" tankerini məhv edib. Zərbələr endirilməzdən əvvəl Amerika hərbçiləri heyətdən gəmiləri tərk etmələrini tələb edib, bundan sonra isə tankerlər sıradan çıxarılıb.

Daha əvvəl, sentyabrın 5-də SEPAH-ın ABŞ-nin təyyarədaşıyan gəmisinə və idarəolunan raket silahları ilə təchiz olunmuş esminesinə hücum cəhdindən sonra Amerika qüvvələri İranın üç neft tankerini məhv edib. CENTCOM-un məlumatına görə, SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etmək istiqamətindəki bütün cəhdləri uğursuz olub.