Burkino-Fasoda restorana hücum edərək 17 nəfəri öldürən terrorçular zərərsizləşdiriliblər
- 14 avqust, 2017
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 avqust. REPORT.AZ/ Burkina-Fasonun paytaxtı Uaqaduquda terrorçuların “Aziz İstanbul” adlı Türkiyə restoranına hücumu nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Burkino-Fasonun əlaqələr üzrə naziri Remi Dancinu bildirib.
Onun sözlərinə görə, hücum edən 3 nəfər öldürülsə də kafedə adamların qaldığı istisna edilmir. R.Dancinu bildirib ki, hökumət hadisə ilə bağlı araşdırma aparır.
Şahidlərin dediyinə görə, silahlı 3 nəfər otelin və restoranın qarşısındakı küçədə oturan müştərilərə atəş açıb. Xəstəxanadan verilən məlumata görə, ölənlərdən bir Türkiyə vətəndaşıdır.
Qeyd edək, 2016-cı ilin yanvarında həmin küçədə başqa kafe və otelə “Əl-Qaidə”nin hücumu nəticəsində 30 nəfər öldürülüb. Onda terrorçular 170 nəfəri girov götürüblər.