Burkina-Fasoda silahlılar həbsxanaya hücum edərək bütün məhkumları azad ediblər

Digər ölkələr
  • 09 may, 2022
  • 00:52
Burkina-Fasoda silahlılar həbsxanaya hücum edərək bütün məhkumları azad ediblər

Burkina-Fasonun şimal-qərbində silahlılar gecə həbsxanaya hücum zamanı 60 məhbusu azad ediblər.

“Report”un məlumatına görə, bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən bildirib.

Məlumata görə, yaraqlılar qaçmazdan əvvəl ofisləri qarət edib və avtomobilləri yandırıblar.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, gecəyarı “Kalaşnikov” avtomatları və pulemyotlarla silahlanan yaraqlılar avtomobil və motosikletlərdə Nuna şəhərinə daxil olublar. Onlar şəhər həbsxanasından bütün məhbusları azad ediblər.

Burkina Faso son on ildə qonşu Malidən gələn və hər həftə şiddətli hücumların baş verdiyi silahlılarla mübarizə aparır. Bölgədə minlərlə insan həlak olub, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Həbsxanaya hücum zamanı heç kim ölməyib, lakin təhlükəsizlik orqanlarındakı mənbələrə görə, bir könüllü döyüşçü yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.