Bu il Pakistanda 44 mindən çox insan denqe virusuna yoluxub
- 06 noyabr, 2019
- 14:44
Bu il Pakistanda 44 mindən çox insanın denqe virusuna yoluxması halı qeydə alınıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, ölkə üçün mütləq rekorddur.
Yerli KİV-in məlumatına görə, 66 yoluxma halı ölümlə nəticələnib.
Yoluxma hallarının əksəriyyəti (12,4 mindən çox) ölkənin paytaxtı İslamabad şəhərində qeydə alınıb. Sind əyalətində 10,1 mindən, Pəncabda isə 9,2 mindən çox yoluxma hadisəsi olub.
Bununla belə, virusa yoluxma sayında rekord olsa da, ölənlərin sayının azalmasında müsbət tendensiya müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə 27 min yoluxmadan 370-də ölüm hadisəsi qeydə alınmışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, denqe dörd denqe virusundan hər hansı birinə yoluxmuş ağcaqanadın dişləməsi ilə insana keçir.