Bu il Əfqanıstanda 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb

Digər ölkələr
  • 10 oktyabr, 2018
  • 16:02
Bu il Əfqanıstanda 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Əfqanıstandakı döyüşlər və terror hücumları nəticəsində 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) illik hesabatında bildirilib. 

Sənəddə vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yaralananlar 3 faiz azalsa da, ölənlərin sayı 5 faiz artıb.

Hesabatda dinc sakinlər arasında tələfatın başlıca səbəbləri kimi əldəqayırma partladıcı qurğular və terror aksiyaları (1015 nəfər ölüb - 45 faiz), silahlı toqquşmalar (605 nəfər ölüb - 39 faiz), dinc sakinlərin qəsdən qətlə yetirilməsi (439 nəfər ölüb - 8 faiz) göstərilib.

Bununla yanaşı, hökumət və hökumətyönlü hərbi qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış sursatlar (4 faiz), qarşıdakı seçkilərlə bağlı terror hücumları da dinc əhali arasında xeyli tələfata səbəb olub.