Misirdə beynəlxalq sammitdə iştirak edəcək ölkə liderlərinin adları açıqlanıb
- 13 oktyabr, 2025
- 08:37

Misirdə, Şarm əl-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.
Məlumata görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edəcəklər.
Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitdə baş nazirlər səviyyəsində iştirakı gözlənilir.
Sammitə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT-nin baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də qatılacağı açıqlanıb.
Misir hakimiyyəti daha əvvəl açıqlamasında ölkə Prezident Abdel Fattah əs-Sisi və ABŞ lideri Donald Trampın həmsədrliyi ilə 20-dən çox ölkənin liderlərinin iştirakı ilə "Şarm əl-Şeyx Sülh Zirvəsi"nin keçiriləcəyini bildirib.
ABŞ Prezidenti Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.
Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da səhər saatlarında qüvvəyə minib.