Brüsselin məşhur meydanı gül xalçasına çevrilib

Digər ölkələr
  • 16 avqust, 2026
  • 18:41
Brüsselin məşhur meydanı gül xalçasına çevrilib

Brüsselin mərkəzindəki tarixi Qran-Plas Meydanı bir neçə gün ərzində nəhəng çiçək kətanına çevrilib və bu, yapon rəssamı Kasuika Hokusayın 1831-ci ildə çəkdiyi məşhur "Kanaqavadan böyük dalğa" adlı qravürasından ilhamlanaraq hazırlanıb.

"Report"un Avropa bürosunun məlumatına görə, təxminən 1 680 kvadrat metr sahəni əhatə edən, uzunluğu 70 metr və eni 24 metr olan builki kompozisiya yapon rəssamı Xiro Suqiyama tərəfindən yaradılıb.

Kompozisiya əsasən Belçika georginləri, həmçinin beqoniyalar, otlar və qabıqlardan ibarət 700 000-dən çox çiçəkdən ibarətdir. Xalça üzərində 100-dən çox könüllü çalışaraq altı saat ərzində hazırlanmış eskizə uyğun olaraq çiçəkləri yerləşdirib. Onlara Yaponiyanın Belçikadakı səfiri Takesi Osuqa da qoşulub.

Axşamlar çiçək kompozisiyası "Qran-Plas"da işıqlandırma və musiqi ilə tamamlanan işıq və səs şousunun bir hissəsinə çevrilir.

Ənənəvi Brüssel çiçək xalçası (Flower Carpet 2026) Belçika və Yaponiya arasında diplomatik münasibətlərin 160 illiyinə həsr olunub. Bu, layihənin 24-cü və yapon mövzusuna həsr olunmuş ikinci versiyasıdır. Brüssel və Tokio ilk dəfə çiçək xalçasının qurulmasında 2016-cı ildə əməkdaşlıq ediblər.

Brüssel çiçək xalçası efemer sənətinin nümunəsidir: kompozisiya bir neçə gün ərzində yaradılır və sonra yox olur. İlk belə xalça 1971-ci ildə "Qran-Plas"də olub və 1986-cı ildən bəri tədbir hər iki ildən bir avqust ayında orada keçirilir.