Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib

Digər ölkələr
  • 08 avqust, 2026
  • 03:40
Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraş və onun müavini Riçard Tays bank əməliyyatları barədə məlumatların KİV-ə sızması ilə əlaqədar Milli Cinayət Agentliyinə (NCA) qarşı İngiltərə və Uels Ali Məhkəməsində iddia qaldırıblar.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Faraş və Tays dəymiş ziyana görə onlara 25 min funt sterlinqdən (35 min dollar) çox təzminat ödənilməsini tələb edirlər. Hazırda NCA bank əməliyyatları barədə məlumatların jurnalistlərin əlinə necə keçdiyini müəyyənləşdirmək üçün daxili araşdırma aparır.

Siyasətçilər bildiriblər ki, qurumun araşdırmanı "qəsdən yubandırması" səbəbindən məhkəməyə müraciət ediblər.

Bundan əvvəl Britaniya KİV-i iri biznesmenlərin Reform UK partiyasına ianələr etdiyini xəbər vermişdi. Belə ki, köçürülən böyük məbləğlər banklarda şübhə doğurub və bundan sonra banklar müvafiq əməliyyatlar barədə NCA-ya məlumat veriblər.

May ayında İcmalar Palatasının standartlar üzrə komissarı Deniel Qrinberq Faraşla bağlı araşdırmaya başlayıb. Araşdırma siyasətçinin biznesmen Kristofer Harborn tərəfindən verilmiş 5 milyon funt sterlinq (6,7 milyon ABŞ dolları) məbləğində ianəni bəyannaməsində göstərməməklə parlament qaydalarını pozub-pozmadığını müəyyən etməli idi.

Araşdırma iyul ayında Faraş İcmalar Palatasının deputatı mandatından imtina etdikdən və Klakton dairəsində keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu bildirdikdən sonra dayandırılıb. Onun sözlərinə görə, seçicilər onun yenidən parlamentdə onları təmsil etməyə layiq olub-olmadığına özləri qərar verməlidirlər.