Britaniyada ilk dəfə 11 gün ərzində qanunsuz miqrasiya qeydə alınmayıb
- 03 noyabr, 2025
- 20:55
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi 2025-ci ildə ilk dəfə olaraq 11 gün ərzində La-Manş boğazı vasitəsilə heç bir qanunsuz sərhəd keçidi hadisəsi qeydə almayıb.
"Report" bu barədə "Sky News"a istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, kiçik gəmi ilə dənizi keçmək üçün son cəhd oktyabrın 22-də qeydə alınıb. Lakin bu günə aid məlumatlar hələ dərc edilməyib.
Bu fasiləyə baxmayaraq, cari ildə kiçik qayıqlarla Birləşmiş Krallığa gələn miqrantların ümumi sayı artıq 2024-cü ilin bütün göstəricilərini keçib.
Bu günə olan vəziyyətə görə, 36 954 nəfər qeyri-qanuni yolla qayıqlarla Böyük Britaniyaya gəlib, halbuki 2024-cü il üzrə bu göstərici 36 816 nəfər, 2023-cü il üzrə isə 29 437 nəfər təşkil edib.
Buna baxmayaraq, "Sky News"un məlumatına görə, kiçik qayıqlarla La-Manş boğazını keçənlərin sayına görə 2022-ci il rekord il olaraq qalır - həmin il bu yolla Böyük Britaniyaya 45 774 miqrant gəlib.