Britaniya Qəzzanın yenidən bərpası ilə bağlı beynəlxalq konfrans keçirəcək
- 13 oktyabr, 2025
- 02:22

Böyük Britaniya bu həftə Qəzza zolağının yenidən bərpasını müzakirə etmək üçün biznes nümayəndələri ilə beynəlxalq konfrans keçirəcək.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Dəftərxanasının açıqlamasında bildirilir.
Qeyd edilir ki, Britaniya anklavın bərpa və yenidən qurulmasına dair üç günlük konfransa ev sahibliyi etməklə, Qəzza üçün sülh planının növbəti mərhələsində aparıcı rol oynayacaq. "Konfransda Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, İordaniya və Fələstin Milli Administrasiyası da daxil olmaqla bir sıra beynəlxalq tərəfdaşlar, eləcə də özəl sektor və Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, beynəlxalq inkişaf maliyyə proqramlarının nümayəndələri iştirak edəcək", - məlumatda bildirilir.
Starmerin Dəftərxanası əlavə edib ki, tədbirdə Qəzzanın müharibədən sonrakı bərpası müzakirə olunacaq. "Müzakirələrdə Fələstin Milli Administrasiyasının transformasiyasına dəstək səyləri də müzakirə olunacaq", - məlumatda vurğulanıb. "Yenidənqurma prosesi Fələstinin rəhbərliyi altında olacaq və radikal HƏMAS hərəkatı Qəzzanın gələcək idarəçiliyində heç bir rol oynamayacaq", - məlumatda qeyd edilir.
Bundan əlavə, Britaniya hakimiyyəti bu həftə Qəzza münaqişəsinin həlli səyləri çərçivəsində Krallığın xarici işlər naziri İvett Kuperin Londonda İordaniya vəliəhdi Hüseyn bin Abdulla ilə görüşəcəyini açıqlayıb.