Britaniya Küveytə hava hücumundan müdafiə sistemi göndərəcək
- 03 aprel, 2026
- 14:42
Böyük Britaniya öz hava hücumundan müdafiə (HHM) sistemi "Rapid Sentry"ni Küveytə göndərəcək.
"Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Keyr Starmerin ofisi məlumat yayıb.
Vurğulanıb ki, sistemin yerləşdirilməsinin detallarını Starmer bu gün səhər Küveytin vəliəhd şahzadəsi Sabah əl-Xalid əs-Sabah ilə telefon danışığı zamanı müzakirə edib.
Qeyd olunub ki, HHM-nin göndərilməsi barədə qərar İran pilotsuz uçuş aparatının gecə saatlarında Küveytdəki neft obyektinə hücumundan sonra qəbul edilib.
"Baş nazir Küveytin neft emalı zavoduna gecə saatlarında edilən hücumu pisləyib. O təsdiqləyib ki, Britaniya Küveyti və Fars körfəzindəki bütün müttəfiqləri dəstəkləyir", - məlumatda bildirilib.
Həmsöhbətlər qeyd ediblər ki, "Rapid Sentry" sisteminin yerləşdirilməsi Küveyt və Britaniya personalının, eləcə də əsas infrastrukturun qorunmasına yönəlib. Eyni zamanda vurğulanıb ki, tədbirlər müdafiə xarakteri daşıyır və münaqişənin eskalasiyasına yönəlməyib.
Bundan əlavə, tərəflər Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə edib və gəmiçiliyin bərpası üzrə beynəlxalq səyləri dəstəkləyiblər. Onlar fəaliyyətlərin koordinasiyasını davam etdirmək və yaxın həftələrdə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.