Britaniya 18 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 18 iyul, 2025
  • 17:19
Britaniya 18 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya kiberhücumlarda iştirak edən 18 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş yenilənmiş "qara siyahı"da qeyd olunur.

Siyahıya Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin müxtəlif bölmələrinin əməkdaşları daxil edilib.

Sanksiya siyahısındakı ifadəyə görə, onların fəaliyyəti "Birləşmiş Krallığın və ya digər dövlətin bütövlüyünü, rifahını və ya təhlükəsizliyini pozmağa yönəlib". Bundan əlavə, 161-ci Xüsusi Təyinatlı Mütəxəssislərin Hazırlıq Mərkəzi də sanksiyalara məruz qalıb.

Xarici İşlər Nazirliyindən qeyd edilib ki, adı çəkilən şəxslər Ukraynada əməliyyatlarda və "keçmişdə Yuliya Skripalın cihazını zərərli proqram təminatı ilə hədəfləməkdə" iştirak edən hərbi kəşfiyyat zabitləridir.

Londonun versiyasına görə, sonuncu hadisə Rusiyada Böyük Britaniya üçün casusluqda məhkum edilmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyanın 2018-ci ildə Solsberidə zəhərlənməsindən beş il əvvəl baş verib.

Həmçinin, "Afrika Təşəbbüsü" adlı Rusiya informasiya agentliyi və onun rəhbərləri də sanksiyalara məruz qalıb.