Böyük Britaniya "Ajax" zirehli maşınlarının istifadəsini dayandırıb
- 26 noyabr, 2025
- 00:46
Böyük Britaniya Müdafiə Nazirliyi hərbçilərdə eşitmə problemlərinə səbəb olduğu üçün yeni "Ajax" zirehli döyüş maşınlarının istifadəsini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirliyin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, müvafiq qərar müdafiə nazirinin müavini Luk Pollard tərəfindən "ehtiyat tədbiri" kimi qəbul edilib. Fasilə iki həftə davam edəcək və bu müddətdə "Ajax" maşınlarının istifadəsinin təhlükəsizliyi yoxlanılacaq.
Krallığın Müdafiə Nazirliyi açıqlayıb ki, təlimlərdə zirehli maşınlardan istifadə etdikdən sonra təxminən 30 hərbçi eşitmə problemlərindən şikayətlənib. Onlardan bəzilərinə tibbi yardım göstərilib.
Birləşmiş Krallıq hələ 2014-cü ildə "General Dynamics UK" şirkəti ilə 589 "Ajax" maşınının istehsalı üçün müqavilə imzalayıb. Təchizat 2017-ci ildə başlamalı idi, lakin yalnız cari ildə həyata keçirilib. Maşınların sınaqları ekipaj üzvlərində eşitmə problemləri ilə bağlı iki dəfə dayandırılıb. Hərbçilərdə maşınlarda olduqdan sonra oynaq şişləri də müşahidə olunub. Mütəxəssislər bunu maşınların konstruktiv qüsurları ilə – həddindən artıq vibrasiya ilə əlaqələndirirlər. Bu vibrasiya həm də hərəkət zamanı atəş açmağa imkan vermir.