Bosniya və Herseqovinada qocalar evində yanğın olub, azı 10 nəfər ölüb
- 05 noyabr, 2025
- 04:56
Bosniya və Herseqovinanın şimalında yerləşən Tuzla şəhərində qocalar evində baş verən yanğın nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
"Report"un "Federalna TV"yə istinadən xəbərinə görə, yanğın yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayıb və təxminən bir saat sonra söndürülüb. Yanğının səbəbi hələlik məlum deyil.
Məlumata görə, azı beş nəfər yaralanıb, onlardan üçü reanimasiya şöbəsindədir.
"Üç pasiyent daxili xəstəliklər klinikasında karbonmonoksid zəhərlənməsinə görə müalicə alır, iki nəfər reanimasiya şöbəsindədir, bir nəfər isə hazırda qəbul şöbəsindədir və ona tibbi yardım göstərilir," – deyə Tuzla Universitetinin Klinik Mərkəzinin sözçüsü bildirib.
Yanğın yataq xəstələri üçün otaqların yerləşdiyi binanın yeddinci mərtəbəsində baş verib. İlkin məlumatlara görə, ölümlərə, çox güman ki, tüstüdən zəhərlənmə səbəb olub.