BMT-də yeni baş katibin seçilməsi prosesinə başlanılıb

Digər ölkələr
  • 26 noyabr, 2025
  • 04:24
BMT-də yeni baş katibin seçilməsi prosesinə başlanılıb

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası təşkilatın yeni baş katibinin seçilməsi prosesinə başlamaq üçün birgə məktub yayıb.

"Reportun məlumatına görə, sənədi noyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Syerra-Leonenin BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti yayıb.

Birgə məktubda "təəssüf hissi ilə qeyd olunur" ki, BMT-nin mövcudluğu ərzində onun rəhbəri heç vaxt qadın olmayıb. Buna görə də "üzv dövlətlərə qadınların namizəd kimi irəli sürülməsini ciddi şəkildə nəzərdən keçirmək" tövsiyə edilib.

"Baş katibin seçilməsində regional müxtəlifliyin əhəmiyyəti qeyd olunur", - sənəddə həmçinin vurğulanıb.

BMT Baş katibi postuna namizəd üzv dövlətlər tərəfindən irəli sürülür və hər bir ölkə yalnız bir namizəd təqdim edə bilər. Namizədin irəli sürülməsi üçün ölkələr Təhlükəsizlik Şurası və Baş Assambleyanın sədrlərinə müvafiq məktub göndərməlidirlər. Namizədlər isə, öz növbəsində, təşkilatın inkişafına dair baxışlarını və gəlir mənbələrini təqdim etməlidirlər. Məktubda qeyd olunub ki, əgər namizəd BMT strukturlarında çalışırsa, "seçki kampaniyası dövründə maraqlar toqquşmasının qarşısını almaq üçün BMT-dəki fəaliyyətini dayandırmağı nəzərdən keçirməlidir".

Baş katibin birbaşa seçilməsi prosesi gələn ilin iyul ayının sonunda nəzərdə tutulur. Hazırda iki nəfər - Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan təşkilatın rəhbəri postu uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb.

Mövcud BMT Baş katibi Antoniu Quterreşin səlahiyyətləri 31 dekabr 2026-cı ildə başa çatır.

Son xəbərlər

Bütün Xəbər Lenti