"Bloomberg": Uitkoff Trampa Ukrayna üzrə sülh planını necə təqdim etmək barədə Kremlə məsləhətlər verib

Digər ölkələr
  • 26 noyabr, 2025
  • 03:11
Bloomberg: Uitkoff Trampa Ukrayna üzrə sülh planını necə təqdim etmək barədə Kremlə məsləhətlər verib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabr ayında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakova Rusiya–Ukrayna müharibəsinin həlli üzrə sülh sazişi üzərində birgə işləməyi təklif edib.

"Report"un məlumatına görə, "Bloomberg" agentliyi 14 oktyabrda Uitkoff və Uşakov arasında baş tutmuş telefon danışığının stenoqramını dərc edib. Nəşr iki rəsmilərin söhbətinin yazısını haradan əldə etdiyini açıqlamayıb.

Beş dəqiqədən bir qədər çox davam edən söhbət zamanı Uitkoff Uşakova Rusiya Prezidenti Vladimir Putinə dərin hörmət bəslədiyini bildirib. O, ABŞ Prezidenti Donald Trampa Rusiyanın həmişə sülh sazişinə can atdığına inandığını söylədiyini qeyd edib. ABŞ Prezidentinin nümayəndəsi vurğulayıb ki, yaxın günlərdə - 17 oktyabrda - Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evi ziyarət edəcək və Putinin bu görüşdən əvvəl Tramp ilə danışmasını təklif edib.

Uşakov Uitkofdan Putinin Trampa zəng etməsinin "faydalı" olub-olmayacağını soruşub, ABŞ liderinin nümayəndəsi isə bunu təsdiqləyib. Söhbət zamanı Uitkoff Putinə Trampla ünsiyyət zamanı sülhün əldə olunması məsələsini necə qaldırmaq barədə bir neçə tövsiyə verib.

"Bloomberg"in qeyd etdiyinə görə, Uitkoff və Uşakov söhbəti Trampın Fələstin–İsrail münaqişəsi üzrə sülh sazişi və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə nail olmasından qısa müddət sonra baş tutub. Danışıq zamanı Uitkoff Putinə Tramp ilə söhbətdə Qəzza üzrə sazişinin başlanğıc nöqtəsi kimi istifadəni təklif edib.

Belə ki, Uitkoff Putinə Trampı Qəzza üzrə sülh sazişinə görə təbrik etməyi, Rusiyanın onu dəstəklədiyini deməyi və Trampı "sülh adamı" kimi hörmət etdiyini vurğulamağı tövsiyə edib. "O zaman bu, həqiqətən, yaxşı söhbət olacaq", – deyə Uitkoff bildirib.

Xatırladaq ki, Putinlə 16 oktyabrda baş tutmuş telefon danışığından sonra Tramp demişdi: "Prezident Putin məni və ABŞ-ni Yaxın Şərqdə böyük sülh nailiyyəti münasibətilə təbrik etdi".

Agentlik qeyd edib ki, Uitkoff və Uşakov arasındakı telefon danışığı noyabrın əvvəlində ortaya çıxan ABŞ-nin sülh planının mənbəyi ola biləcər. "Bloomberg" Rusiyanın ABŞ ilə hansı təklifləri bölüşdüyünü və onların yekun sülh planına hansı dərəcədə təsir etdiyini müəyyənləşdirə bilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti