"Bloomberg": İraq Hörmüz boğazından yan keçməklə Suriya üzərindən mazut ixracını artırır
- 19 iyul, 2026
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
İraq Hörmüz boğazından yan keçməklə Suriya ərazisindən mazut daşımaq üçün minlərlə yük maşınından istifadə edir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda Yaxın Şərqin bütün neft tədarükünün təxminən dörddə biri Suriyadan keçir. Neft məhsulları Suriyanın Aralıq dənizi limanlarına avtonəqliyyatla təxminən dörd günə çatdırılır.
"Bloomberg" qeyd edib ki, ixrac axınlarının Hörmüz boğazından yan keçməklə yenidən istiqamətləndirilməsi ABŞ sanksiyalarının ləğvindən sonra Suriyanın dünya iqtisadiyyatına inteqrasiya olunması səylərini əks etdirir. Ölkə getdikcə daha çox neft məhsullarının ixracı üçün tranzit dəhlizi kimi nəzərdən keçirilir.
Mazut İraqın əsas ixrac yanacağı növü olaraq qalır. Suriya istiqamətindən əlavə, İraq mazutu İordaniya vasitəsilə də yük maşınları ilə daşınır. Analoji üsulla kiçik həcmlərdə xam neft də nəql edilir.
Daha əvvəl "The National" nəşri mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ-nin Türkiyədəki səfiri, Suriya və İraq üzrə xüsusi elçi Tom Barrak və Suriya, eləcə də İraq hakimiyyəti nümayəndələri Hörmüzdən yan keçməklə İraqdan Suriyaya neft tədarükü barədə danışıqlar aparıblar.