Bloomberg: ABŞ və Venesuela sanksiyalar rejimini yumşaltmaq üçün razılaşmaya yaxındır

Digər ölkələr
  • 10 oktyabr, 2023
  • 21:29
Bloomberg: ABŞ və Venesuela sanksiyalar rejimini yumşaltmaq üçün razılaşmaya yaxındır

ABŞ və Venesuela Vaşinqtonun Latın Amerikası ölkəsinə qarşı sanksiyalar rejimini yumşaltmağa hazır olacağı sazişi bağlamağa yaxındır. Bunun müqabilində Birləşmiş Ştatlar Venesuela prezidenti vəzifəsinə müxalifət namizədlərinin irəli sürülməsinə qoyulan yasağın aradan qaldırılmasını tələb edir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, sanksiyaların yumşaldılması bank və neft sektoruna təsir edəcək. Bu, Venesuela Prezidenti Nikolas Maduronun administrasiyasına Avropadakı hesablarda saxlanılan ən azı 3 milyard dolları qaytarmaq üçün digər ölkələrin maliyyə institutları ilə qarşılıqlı əlaqəni bərpa etməyə imkan verəcək.

Qeyd edildiyi kimi, sanksiyalar rejiminin yumşaldılması Maduro çevrəsindən bəzi şəxslərə də şamil ediləcək.

Agentlik bildirib ki, Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Latın Amerikası ölkəsinin hökumət nümayəndələri müxalifət liderləri ilə görüşəcək və oktyabrın 22-dək seçkilərlə bağlı razılaşma imzalayacaq.

Venesuela Rabitə və İnformasiya Nazirliyindən hələlik heç bir şərh yoxdur.

44 - Tezliklə