Bessent: Aİ Çinə rüsumlar tətbiq etməsə, Vaşinqton da etməyəcək
- 15 sentyabr, 2025
- 23:40

Əgər Avropadakı müttəfiqlər də eyni addımı atmasa, Vaşinqton Çinin Rusiya nefti almasına görə ona qarşı ticarət rüsumları tətbiq etməyəcək.
"Report" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "Reuters" və "Bloomberg"ə müsahibəsində deyib.
O, ABŞ-nin Çinə rüsum tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Biz avropalıların indi öz üzərinə düşəni etmələrini gözləyirik və onlarsız hərəkət etməyəcəyik".
Sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının bütün üzvlərinin birgə hərəkət edərək Rusiya neftinin alınmasını dayandıracağı təqdirdə Moskavaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, bəzi NATO müttəfiqlərinin Rusiyadan enerji resurslarının idxalını davam etdirməsi "alyansın danışıqlarda mövqelərini zəiflədib". Bundan əlavə, Ağ Ev rəhbəri NATO ölkələrini Çinə qarşı 50-100 % həcmində idxal rüsumları tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, bu, Rusiya-Ukrayna müharibəsinə son qoymağa kömək edəcək, rüsumlar sülh razılaşmasından sonra ləğv edilə bilər.