Serbiya parlamenti yaxınlığındakı atışma adam öldürməyə cəhd kimi qiymətləndirilib - YENİLƏNİB
- 22 oktyabr, 2025
- 21:11

Serbiyanın Daxili İşlər Nazirliyi parlament yaxınlığında baş verən atışmanı adam öldürməyə cəhd kimi qiymətləndirib.
"Report"un məlumatına görə, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün saat 10:16 radələrində Belqradda Milli Assambleya Evinin yaxınlığında toplantının iştirakçısı olmayan V.A (1955-ci il təvəllüdlü) çadırlardan birinə daxil olaraq 1968-ci il təvəllüdlü M.B.-yə bir neçə dəfə atəş açıb, daha sonra qəsdən çadırda yanğın törədib və nəticədə kiçik qaz balonu partlayıb", - məlumatda deyilir.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə tezliklə polis tərəfindən saxlanılıb. Yanğın söndürülüb. Çadırda təcavüzkarın özü ilə gətirdiklərindən başqa heç bir silah və ya sursat olmayıb.
Şübhəli şəxs adam öldürməyə cəhd və qanunsuz şəkildə silah və partlayıcı maddələr saxlamaqda şübhəli bilinərək 48 saat müddətinə saxlanılıb. İş üzrə araşdırma davam edir.
Belqrad polisi Serbiya parlamentinin binası qarşısında atəş açan şəxsi saxlayıb.
"Report" xəbər verir ki, bu barədə Serbiya KİV məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Məlumata görə, 70 yaşlı kişi 57 yaşlı kişiyə atəş açaraq yaralamaqda və ölkə Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının parlament qarşısında qurulmuş çadırlarından birini yandırmaqda şübhəli bilinir.