Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndənin mandatı uzadılıb
- 12 fevral, 2026
- 02:12
Avropa İttifaqı (Aİ) Şurası Belqrad–Priştina dialoqu üzrə xüsusi nümayəndənin mandatını uzadıb.
"Report"un Balkan bürosu xəbər verir ki, Belqrad–Priştina dialoqu üzrə Aİ xüsusi nümayəndəsi Peter Sorensenin mandatı iki il müddətinə - 2028-ci il fevral 29-na kimi uzadılıb.
Qeyd edək ki, P. Sorensen bu vəzifəyə ilk dəfə 2025-ci ilin yanvarında təyin olunub.
Şura həmçinin Aİ-nin İnsan Hüquqları üzrə xüsusi nümayəndəsi Kayza Ollonqrenin (Kajsa Ollongren) mandatını da əlavə iki il - 29 fevral 2028-ci ilədək uzadıb. Ollonqren isə bu vəzifəyə ilk dəfə 2025-ci ilin iyununda təyin edilib.
Məlumatda vurğulanıb ki, Aİ xüsusi nümayəndələri Ali Nümayəndə tərəfindən irəli sürülür və Şura tərəfindən təyin olunurlar. Onların məqsədi Aİ-nin konkret region və ölkələrdə, eləcə də İttifaq üçün xüsusi əhəmiyyət və maraq kəsb edən məsələlər üzrə siyasət və maraqlarını təşviq etməkdir. Onlar islahatların, sabitliyin və hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində səylərdə fəal rol oynayırlar.
O da diqqətə çatdırılıb ki, hazırda on bir Aİ xüsusi nümayəndəsi ittifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın fəaliyyətinə dəstək verir.