BƏƏ İranın regiondakı proseslərlə bağlı mövqeyini pisləyib
- 07 may, 2026
- 10:36
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran Xarici İşlər Nazirliyinin (XİN) ölkənin guya ABŞ tərəfindən İrana zərbələr endirmək üçün baza kimi istifadə edildiyinə dair bəyanatını pisləyib.
"Report" xəbər verir ki, bu barədə BƏƏ XİN məlumat yayıb.
BƏƏ İran XİN-in bəyanatını qətiyyətli şəkildə pislədiyini bildirərək, ölkənin suverenliyinə, milli təhlükəsizliyinə təhlükə yaradacaq istənilən iddia və təhdidləri qəti şəkildə rədd etdiyini vurğulayıb.
Rəsmi Əbu-Dabinin bəyanatında ölkənin beynəlxalq və müdafiə sahəsində əməkdaşlığının yalnız onun suverenlik məsələsi olduğu və heç bir tərəfin bunu hədə, müdaxilə və ya təhrik üçün bəhanə kimi istifadə etməyə haqqı olmadığı vurğulanıb.
"Ölkə istənilən hədə, ittiham və ya düşmənçilik hərəkətlərinə cavab vermək üçün bütün suveren, hüquqi, diplomatik və hərbi hüquqlarını özündə saxlayır", - BƏƏ XİN-in məlumatında qeyd edilib.
Son günlərdə Hörmüz boğazı ətrafındakı böhran fonunda qarşılıqlı ittihamlar silsiləsindən sonra İran və BƏƏ arasında gərginlik kəskin şəkildə artıb. Tehran Əbu-Dabini ABŞ hərbi bazalarının və texnikasının yerləşdirilməsi də daxil olmaqla "İrana düşmən olan tərəflərlə əməkdaşlıq"da ittiham edib, həmçinin BƏƏ hakimiyyətinin "açıq şəkildə ABŞ tərəfi ilə əməkdaşlıq etdiyini" bəyan edib. İran Xarici İşlər Nazirliyindən xəbərdarlıq edilib ki, bu cür siyasət regionda sabitlik üçün təhlükəli nəticələrə səbəb ola bilər.