Almaniyada zavodda qəza nəticəsində havada zəhərli bulud yaranıb
- 08 oktyabr, 2025
- 00:26

Almaniyanın Bavariya federal əyalətində yerləşən Maynaşaff şəhərindəki zavodda baş verən qəza nəticəsində havada zəhərli ola biləcək sarı qaz buludu əmələ gəlib.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb. Bildirilir ki, bulud Almaniyanın cənubunda yerləşən Aşaaffenburq şəhəri istiqamətində hərəkət edir.
Hadisə ilə əlaqədar şəhər administrasiyası sakinləri evlərində qalmağa, pəncərə və qapıları bağlı saxlamağa və küçələri tərk etməyə çağırıb.
Hazırda Maynaşaffda 150 yanğınsöndürən, həmçinin polis və təcili yardım xidmətləri hadisə yerində işləyir.
Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib. Lakin bir sıra media orqanları yazır ki, müəssisədə metal hissənin turşu vannasına düşməsi nəticəsində kimyəvi reaksiya baş verib. Nəticədə bir əməkdaş xəsarət alıb, lakin onun xəsarətinin dərəcəsi hələlik məlum deyil.