Basim Reza: Hindistanın təcavüzkar ritorikası Pakistanla gərginliyin yeni mərhələsinə səbəb ola bilər
- 14 may, 2025
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan və Hindistan arasında bərqərar olmuş sülhün möhkəmliyi sual altındadır, çünki Nyu-Delhi İslamabada qarşı təcavüzkar ritorikanı davam etdirir.
Bu barədə “Report”a pakistanlı politoloq Basim Reza bildirib.
"Hindistanın Baş naziri Narendra Modinin guya Hindistanın gələcəkdə hər hansı hərəkətlərə cavab olaraq Pakistana birtərəfli zərbələr endirmək hüququnun olduğunu bəyan etməsi xüsusilə narahatlıq doğurur”, - o qeyd edib.
Politoloqun sözlərinə görə, Hindistan tərəfindən raket zərbələri, pilotsuz təyyarə hücumları və sərhədyanı hava zərbələri təhdidi regional təhlükəsizliyə qeyri-sabitlik gətirib.
B.Reza həmçinin Azərbaycanın 2024-cü ilin payızından etibarən almağa başladığı və münaqişənin kəskinləşdiyi dövrdə yüksək effektivlik göstərən “JF-17” qırıcılarını da qeyd edib.
"Pakistan və Hindistan arasında yüzdən çox dördüncü nəsil qırıcı təyyarənin iştirakı ilə son hava toqquşmaları müasir döyüş aviasiyasının misli görünməmiş inkişafının göstəricisidir. Pakistanın Çin istehsalı olan PL-15 "hava-hava" raketləri ilə təchiz edilmiş “JF-17 Thunder” və “J-10” qırıcıları Hindistan Hərbi Hava Qüvvələrini qəti şəkildə üstələyib", - politoloq vurğulayıb.
B.Reza sonda qeyd edib ki, Hindistan hökumətinin Pakistana qarşı təcavüzkar siyasi bəyanatları münaqişənin yenidən kəskinləşməsinə gətirib çıxara bilər və bunun təşəbbüskarı yenidən Nyu-Delhi ola bilər.
"Əgər bu qeyri-sabitlik davam edərsə, bunun həm regional, həm də qlobal miqyasda fəsadları qaçılmaz olacaq", - o bildirib.
Pakistan və Hindistan arasında münasibətlər aprel ayının sonunda kəskinləşib. May ayı ərzində Hindistan Pakistandakı mülki və hərbi obyektlərə bir neçə dəfə hücum edib. İki ölkə mayın 10-da atəşkəs elan edib.