Bəsim Rza: Əfqanıstanın Pakistanla müharibə aparmaq imkanları yoxdur
- 27 fevral, 2026
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Əfqanıstanla münaqişənin gərginləşməsi niyyətində deyil, lakin ərazilərini tam şəkildə müdafiə edəcək.
Bu barədə "Report"a pakistanlı politoloq Bəsim Rza bildirib.
"Bizim mövqeyimiz imkanlarımızı nümayiş etdirməkdən – istər Hindistan, istər Əfqanıstan, istərsə də hər hansı digər dövlət olsun, istənilən tərəfə qarşı özümüzü müdafiə etməyə və cavab zərbəsi endirməyə qadir olduğumuzu göstərməkdən ibarətdir. Bununla biz göstəririk ki, bu cür güc tətbiqi və məcburi hərəkətlərdən imtina etmək daha yaxşıdır", - o deyib.
Rza xatırladıb ki, ötən il Hindistanla toqquşmalar və ya Əfqanıstanla dəfələrlə baş verən böhranlar zamanı Pakistan həmişə gərginliyin azalmasının tərəfdarı olub.
Politoloq qeyd edib ki, Kabilin İslamabadla münaqişəni davam etdirmək üçün kifayət qədər resursu yoxdur.
"Əfqanların həqiqətən də partizan müharibəsində əhəmiyyətli təcrübəsi var, bunu biz 1979-cu ildən görürük. Lakin onların hər hansı regional dövlətlə, o ki qaldı Pakistan kimi hərbi nəhənglə, nizami müharibə aparmaq imkanları yoxdur. Ona görə də hər şey çox sadə və aydın olacaq: əfqanlar öz resurslarını və qüvvələrini tükədəcəklər, nəticədə tezliklə atəşkəs əldə olunacaq. Bu, obyektiv nəticədir", - o bildirib.
Rzanın sözlərinə görə, Pakistanın Əfqanıstanda faktiki hakimiyyət olan "Təhrik-i-Taliban Əfqanıstan" (TTƏ) hərəkatının nümayəndələri ilə Doha və İstanbulda keçirilən danışıqlarında Əfqanıstan tərəfi "Təhrik-i-Taliban Pakistan" (TTP) ilə əlaqələrinin olmadığını bəyan edib və İslamabada bu qruplaşmanın Pakistan özəyi ilə birbaşa danışıqlar aparmağı təklif edib.
"Pakistanlılar əvvəlcə hesab edirdilər ki, TTP Əfqanıstan ərazisindən fəaliyyət göstərdiyi üçün buna görə əfqan "Taliban"ı məsuliyyət daşıyır", - ekspert vurğulayıb. O əlavə edib ki, son toqquşmalar zamanı TTƏ və TTP Pakistana qarşı vahid cəbhə kimi çıxış ediblər və bu, onun sözlərinə görə, İslamabada diplomatik üstünlük verib: "Yaxın vaxtlarda Pakistan "Təhrik-i-Taliban Əfqanıstan" ilə bütün tərəflərin adından danışıqlar apara biləcək, çünki onlar artıq vahid cəbhə kimi təmsil olunurlar".
Rzanın sözlərinə görə, Pakistana hücumlar Əfqanıstan ərazisindən həyata keçirildiyi üçün İslamabad dəfələrlə Kabilə tədbir görmək barədə müraciət edib, lakin Əfqanıstan tərəfinin reaksiyası olmayıb. "Pakistan uzun illər Əfqanıstan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə hörmət edib və dəfələrlə onların ərazisindən fəaliyyət göstərən terrorçulara qarşı tədbir görülməsi xahişi ilə müraciət edib. Lakin heç bir tədbir görülməyib", - o əlavə edib.
Pakistanın güc tətbiq etməyə hazır olub-olmaması ilə bağlı suala politoloq cavab verib ki, sərhəddə baş verən son hadisələrdən sonra İslamabad buna əl ata bilər.
"İndi onlar faktiki olaraq TTP ilə birgə Pakistana qarşı vahid cəbhə kimi çıxış etdiklərinə görə, İslamabadın fikrincə, bu, ölkəyə heç bir maneə olmadan güc tətbiq etmək üçün tam hüquq verir", - Rza deyib.