Avstriyada qar uçqunları nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB
- 18 yanvar, 2026
- 04:12
Avstriyanın Ştiriya və Zalsburq bölgələrində baş verən qar uçqunu nəticəsində azı səkkiz nəfər həlak olub. Daha əvvəl beş nəfərin öldüyü bildirilmişdi.
"Report"un məlumatına görə, bu barədə yerli "Kronen Zeitung" qəzeti yazıb.
Məlumata görə, Ştiriyanın Murtal dairəsinin Pustervald bölgəsində baş verən qar uçqunu zamanı daha üç nəfər həyatını itirib.
İlkin məlumata görə, qar uçqununa yeddi çexiyalı xizəkçi düşüb. Onlardan üçü tamamilə qar altında qalıb. Axtarış işlərinə təxminən 150 nəfər cəlb olunub, lakin hava şəraiti səbəbindən cəsədləri çıxarmaq mümkün olmayıb.
Axtarışların bazar günü davam etdirilməsi planlaşdırılır.
Qəzet qeyd edib ki, şənbə günü günorta saatlarında yaxın ərazilərdə qış idman növlərinin həvəskarları səbəbindən daha bir neçə qar uçqunu baş verib, lakin bu dəfə insan tələfatı olmayıb.
Alp dağlarınının Avstriya ərazisinə düşən hissəsində qar uçqunları nəticəsində beş nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Avstriyanın "ORF" teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb, onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da həlak olub.
Xilasedicilər turistlərdən işarəli yolları tərk etməməyi təkidlə xahiş ediblər, çünki faciələrin əksəriyyəti xizəklə nəzərdə tutulan cığırlardan kənarda hərəkət edərkən baş verir.