Avstriya ümumavropa hava hücumundan müdafiə sisteminə qoşulmaq niyyətindədir
- 01 iyul, 2023
- 23:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriya vahid Avropa hava və raket əleyhinə müdafiə sistemi olan “European Sky Shield” sisteminə qoşulmaq niyyətindədir, belə bir addım ölkənin neytral statusuna zidd deyil.
"Report" xəbər verir ki, bunu ölkənin kansleri Karl Nehammer deyib.
"Sky Shield” hava məkanının lazımi mühafizəsini təmin edir ki, bu da təhlükələrin vaxtında və effektiv aradan qaldırılmasına imkan verəcək. Hazırda Avstriyanın necə iştirak edə biləcəyi ilə bağlı müzakirələr aparılır. Avstriyanın neytrallığı sarsılmaz qalır", - siyasətçi tviterdə yazıb.
O qeyd edib ki, ölkə özünü “raketlərdən və dronlardan” qorumaq üçün tədbirlər görməlidir. Kanslerin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə dünyada daha çox təhlükələr yaranıb.
Avstriyanın müdafiə naziri Klaudiya Tanner bu qərarı “müdafiə siyasəti tarixində əlamətdar hadisə” adlandırıb. Onun sözlərinə görə, hazırda respublikanın təşəbbüsdə iştirakının necə olacağı ilə bağlı müzakirələr gedir. Avstriya mətbuat agentliyinin məlumatına görə, Tanner iyulun 7-də Berndə Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşməyi planlaşdırır. Görüşdə nazir təşəbbüsdə iştirak etmək niyyəti haqqında saziş imzalamaq niyyətindədir.