"Avroüçlük" və İran BMT-də Tehranın nüvə proqramını müzakirə edib - YENİLƏNİB

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 21:45
Avroüçlük və İran BMT-də Tehranın nüvə proqramını müzakirə edib - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyü ölkələrindən (Böyük Britaniya, Almaniya və Fransa) olan həmkarları ilə Nyu-Yorkda keçirilən görüşdə İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı təkliflər irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Bu görüşdə BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpası üçün əsassız və qanunsuz hərəkətləri nəzərə alaraq diplomatik danışıqların davam etdirilməsi üçün bir sıra ideya və təkliflər irəli sürülüb və bütün maraqlı tərəflərlə məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb", - XİN-in bəyanatında deyilir.

Əraqçi Avropa üçlüyü ölkələrinin xarici işlər nazirlərinin diqqətini Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı bərpa etmək üçün atdığı məsuliyyətli addımlara yönəldib və Avropa dövlətlərinin qarşılıqlı addımlarının vacibliyini vurğulayıb. Danışıqlarda Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın da iştirak etdiyi vurğulanır.

Avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpası mexanizminin təşəbbüskarı olub. Sentyabrın 19-da Şura İrana qarşı sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib. Rusiya, Əlcəzair, Çin və Pakistan qətnamənin lehinə səs verib. Təhlükəsizlik Şurasının doqquz üzvü (Böyük Britaniya, ABŞ və Fransa daxil olmaqla) əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.

"Avropa üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) və İranın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının nümayəndəsi çərşənbə axşamı Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcək.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Görüşün əsas mövzusu İranın nüvə proqramının inkişafı və BMT Təhlükəsizlik Şurasının (TŞ) Tehrana qarşı mümkün sanksiyaları olacaq. Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçiyə sanksiyaların geri qaytarılmaması üçün bazar gününə qədər vaxt verilib.

Xatırladaq ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT TŞ-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün "snapback" mexanizmini işə salıblar. Eyni zamanda, "Avroüçlük" ölkələri BMT TŞ-nin İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan və oktyabrın 18-dək qüvvədə olan 2231 saylı qətnaməsinin müddətinin uzadılması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Sentyabrın 19-da BMT TŞ İrana qarşı sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib. Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Qurumun 9 üzvü, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa isə əleyhinə səs verib. İki üzv bitərəf qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti