Avropa Komissiyası Varheliyə qarşı casusluq ittihamları ilə bağlı araşdırmaya başlayır
- 10 oktyabr, 2025
- 15:47

Avropa Komissiyası Macarıstanın Aİ institutlarına qarşı casusluq fəaliyyəti ilə məşğul ola biləcəyini iddia edən jurnalist araşdırması ilə bağlı qalmaqalla əlaqədar daxili qrupun yaradılacağını elan edib.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin rəsmi nümayəndəsi Balaş Uyvari deyib.
Qeyd edək ki, araşdırmada Avropa komissarı Oliver Varhelinin də adı hallanır.
"Qərar qəbul edilib - bu ittihamları araşdırmaq üçün daxili qrup yaradılır. Lakin bu qrupun iş parametrləri hələlik müəyyən edilməyib", - o bildirib.
Ümumilikdə komissiya bu ittihamların Aİ qurumlarının təhlükəsizliyi və işinin bütövlüyü üçün mümkün nəticələrini nəzərə alaraq onları çox ciddi qəbul edir. "Biz öz personalımızı, məlumatlarımızı və şəbəkələrimizi qanunsuz məlumat toplama cəhdlərindən qorumaq niyyətindəyik", - Aİ nümayəndəsi bəyan edib.