Avropa Komissiyası Rusiyanın LNG-si ilə bağlı Yunanıstanın sorğusunu müzakirə etməyəcək
- 20 iyul, 2026
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası Rusiyaya qarşı təklif olunan 21-ci sanksiyalar paketinə dəstəyini bəyan edib və Yunanıstanın sorğusuna əsasən Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına qoyulan qadağadan mümkün istisnaları müzakirə etmək niyyətində deyil.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Brüsseldə keçirilən brifinqdə komissiyanın mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
P.Pinyo davam edən danışıqlara istinad edərək, Afinanın Rusiya LNG-nin daşınmasına qadağanın yumşaldılması ilə bağlı tələblərini şərh etməkdən imtina edib.
"Biz 21-ci sanksiyalar paketi üzrə təklifimizə sadiq qalırıq. O, üzv dövlətlər tərəfindən müzakirə olunur, buna görə də bu müzakirələrin ayrı-ayrı elementlərinin təfərrüatlarına varmayacağıq", - o bildirib.
Onun sözlərinə görə, komissiya yeni paketin tezliklə təsdiqlənəcəyinə ümid edir, baxmayaraq ki, bu, bütün Aİ ölkələrinin yekdil dəstəyini tələb edir.
Yunanıstanın Rusiya mayeləşdirilmiş təbii qazının Aİ ölkələrinə məxsus gəmilərlə daşınmasına qoyulan qadağanın yenidən nəzərdən keçirilməsinə nail olmaq cəhdləri ilə bağlı suala cavabında Pinyo bildirib: "Qadağa qüvvədədir və qüvvədə qalır".
Məsələ 21-ci sanksiyalar paketi üzrə mürəkkəb danışıqlar fonunda yaranıb. "Politico" nəşrinin Avropa diplomatlarına istinadən verdiyi məlumata görə, Avropa Komissiyası Afinanı Rusiya LNG-sinin Aİ gəmiləri ilə daşınmasına qadağaya qarşı etirazlarından əl çəkməyə inandırmağa çalışır. Yunanıstan iddia edir ki, belə bir tədbir onun gəmiçilik sənayesinə ciddi zərər vuracaq.