Avropa İttifaqı Ukraynadan taxıl ixracını həll etməyə tələsmir
- 13 avqust, 2026
- 16:19
Avropa Komissiyası Ukraynanın fermerlərə 220 milyon avro məbləğində təcili yardımın və ümumilikdə Ukrayna taxılının ixracı və ya saxlanması üçün yardımın göstərilməsi ilə bağlı sorğusuna cavab verməyə tələsmir.
"Report"un Avropa bürosunun məlumatına görə, Avropa Komissiyasının rəsmi nümayəndəsi Luiz Boqi bildirib ki, Aİ əvvəlcə məhsulu, ölkədə mövcud saxlama tutumlarını və Qara dəniz vasitəsilə ixrac imkanlarını qiymətləndirəcək.
"Biz əlavə təhlil aparmalıyıq", - Boqi Brüsseldə keçirilən brifinqdə Ukrayna taxılının Aİ-yə tədarükü üçün kvotaların mümkün artırılması və onun kənd təsərrüfatı məhsullarının ittifaq ərazisindən digər ölkələrə ixracı üçün quru marşrutlarının genişləndirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Avropa Komissiyası Ukraynadan 220 milyon avro məbləğində sorğu aldığını təsdiqləyib. Kiyev bu vəsaiti ixracda yaranmış fasilələrlə əlaqədar fermerlərə yardıma yönəltməyi nəzərdə tutur.
Ukrayna taxılının ixracı eyni vaxtda bir neçə problemlə üzləşib. "Politico"nun məlumatına görə, Rusiyanın qarğıdalı yüklü gəmiyə endirdiyi raket zərbəsindən sonra iyulun sonundan etibarən gəmilər Odessa regionunun limanlarına daxil olmağı dayandırıb.