Avropa İttifaqı Kosovodakı seçkilərin nəticələrini dəstəkləyib

Digər ölkələr
  • 29 dekabr, 2025
  • 23:49
Avropa İttifaqı Kosovodakı seçkilərin nəticələrini dəstəkləyib

Qismən tanınmış Kosovo Respublikasında keçirilən seçki prosesi demokratik prinsiplərə sarsılmaz bağlılığını nümayiş etdirib.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Kosovoda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyan ediblər.

Səsvermənin ilkin nəticələrinə əsasən, iqtidarda olan "Öz Müqəddəratını Təyin Etmə" Partiyası seçkilərdə 50 %-dən çox səs toplayıb. Bu barədə baş nazirin vəzifələrini icra edən Albin Kurti bildirib.

Bu seçkilər Kosovoda təxminən bir ildir davam edən siyasi böhranın aradan qaldırılması və Avropa İttifaqına üzvlük yolunda irəliləyişin bərpası üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

"2025-ci ilin fevralında keçirilən seçkilərdən sonra yaranmış siyasi çıxılmaz vəziyyətdən sonra biz yeni assambleyanın (parlamentin) və hökumətin tezliklə formalaşmasını səbirsizliklə gözləyirik", – bəyanatda qeyd olunub. Həmçinin vurğulanıb ki, yeni hökumət Aİ ilə bağlı zəruri islahatların həyata keçirilməsi istiqamətində səylərini ikiqat artırmalıdır.

Bəyanatda həmçinin bildirilib ki, seçkilərlə bağlı ekspert missiyası bütün icmaların və siyasi partiyaların fəal iştirakı ilə keçirilən seçkilərdən sonra da vəziyyəti müşahidə etmək üçün Kosovoda qalacaq.

"Qərbi Balkanlar üçün artım planı 2024–2027-ci illəri əhatə edən məhdud müddətli alətdir və Kosovonun maraqlarına uyğun olaraq bu planı mümkün qədər tez ratifikasiya etmək lazımdır ki, ölkə əhalisinin rifahı naminə onun təqdim etdiyi bütün imkanlardan tam istifadə olunsun", – sənəddə vurğulanıb.

Aİ-yə üzvlük yolunda irəliləyiş üçün həmçinin Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşdırılması vacibdir. Kaya Kallas və Marta Kos qeyd ediblər ki, tərəflər arasında normallaşma ilə bağlı yol xəritəsindən irəli gələn bütün öhdəliklər əlavə gecikmələr və ilkin şərtlər olmadan yerinə yetirilməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti