Avropa Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirir

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 22:02
Avropa Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirir

Avropa İttifaqı Türkiyə vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə davamlı və səmərəli nəqliyyat, enerji və rəqəmsal əlaqələr yaratmağı hədəfləyir.

"Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir ki, Aİ-nin bu sahədə strateji investisiyaların əlaqələndirilməsi təşəbbüsü Avropa ölkələri, eləcə də Azərbaycan, Ermənistan, Moldova, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələrinin əsas müzakirə mövzusuna çevrilib.

"Bu, Aİ-nin Qara dəniz və Mərkəzi Asiya regionlarına strateji yanaşmasına uyğundur", - görüşdən sonra verilən bəyanatda deyilir.

Aİ tərəfindən müzakirələrdə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, qurumun genişlənmə məsələləri üzrə komissarı Marta Kos və beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela iştirak ediblər. İştirakçılar qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər.

Vurğulanıb ki, Avropa və Asiya arasında əsas körpü olan Qara dəniz regionu beynəlxalq ticarət, taxıl, enerji resursları və əsas xammalın tranzitində mühüm rol oynayır, onu regional və qlobal təhlükəsizliyin mərkəzi elementinə çevirir.

İlk iclasda iştirakçılar təhlükəsizlik məsələlərinə diqqət yetiriblər. Aİ dəniz potensialının yaradılmasında, o cümlədən monitorinq, kritik infrastrukturun qorunması və hibrid təhlükələrə qarşı mübarizədə üzv dövlətlərə və tərəfdaşlara dəstəyini gücləndirməyə hazır olduğunu bildirib.

İkinci iclasda Aİ nümayəndələri quruma üzv dövlətlər, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nazirləri ilə birlikdə nəqliyyat və logistika, enerji və rəqəmsal sahələr də daxil olmaqla, regionlararası əlaqələrin inkişafı üçün iddialı proqramı müzakirə ediblər.

Tərəflər əməkdaşlığın dörd prioritet istiqamətini müəyyən ediblər: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi; innovasiyaları, rəqəmsal ticarəti stimullaşdırmaq və mühüm infrastrukturun təhlükəsizliyini təmin etmək üçün yüksək sürətli internetin inkişafı; enerji əlaqələrinin təkmilləşdirilməsi və bərpa olunan enerji mənbələrinin tətbiqinin sürətləndirilməsi və transsərhəd ticarəti sadələşdirmək üçün gömrük prosedurlarının uyğunlaşdırılması və rəqəmsallaşdırılması.

Son xəbərlər

Bütün Xəbər Lenti