Audit Avropa Parlamentinin xərclərə nəzarət mexanizmində sistemli çatışmazlıqlar aşkarlayıb
- 05 may, 2026
- 19:50
Avropa Parlamentinin xarici auditi xərclərin idarə olunmasına nəzarət mexanizmində çatışmazlıqlar aşkar edib, 2024-cü il seçkiləri zamanı təyinatı üzrə istifadə edilməyən vəsaitin məbləği təxminən 1,5 milyon avro təşkil edir.
"Report" xəbər verir ki, "Politico" nəşrinin əldə etdiyi Avropa Parlamentinin xarici audit və maliyyə departamentinin sənədlərinə əsasən, Avropa siyasi partiyaları və onlara bağlı fondlar 2024-cü il seçki kampaniyası zamanı (Avropa Parlamentinə seçkilər - red.) təxminən 1,5 milyon avronu qanunsuz şəkildə xərcləyib ki, bu da Aİ vəsaitləri haqqında məlumatın açıqlanması və nəzarət sistemində davamlı çatışmazlıqlardan xəbər verir.
Daxili yoxlamanın nəticələri bütün siyasi qruplarda təkrarlanan və səhv ilə sui-istifadə arasındakı sərhədi silən pozuntulara işarə edir.
1,5 milyon avro məbləğində vəsait Aİ büdcəsindən ayrılmış 74 milyon avro qrantın yalnız kiçik bir hissəsini təşkil edir. Lakin bu vəziyyətin əsasını təşkil edən qanunauyğunluqlar – prosedur pozuntuları, potensial saxta xərclər Avropa Parlamentinin maliyyə arxitekturasında daha sistemli problemin mövcudluğunu göstərir.
"Xərclərin yenidən təsnifləşdirilməsinin çoxsaylı səbəbləri arasında dövlət vəsaitlərinin fırıldaqçılıq yolu ilə istifadəsi cəhdi də yer ala bilərdi", – "European Democracy Consulting" şirkətinin qurucusu Lui Drüno hesab edir.
Mütəmadi pozuntular, zəif hesabatlılıq
Auditin nəticələrinə görə, "Yaşıllar" və Avropa Demokratik Partiyası istisna olmaqla, demək olar ki, bütün böyük siyasi qruplar maliyyələşdirmə qaydalarını pozub. Aşkar edilmiş problemlər bunlardır: həddindən artıq və ya əsassız xərclər, satınalma prosedurlarının pozulması, milli siyasi partiyaların dolayı yolla maliyyələşdirilməsi, xərclərin uyğunluq meyarlarına cavab verməsi üçün yenidən təsnifləşdirilməsi.
Bir sıra hallarda auditorlar aşkar ediblər ki, xərclər bəyan edilsə də, həyata keçirilməyib. Təqsirkar tərəflər bu nəticələrlə bağlı etiraz bildirmədikləri üçün adları da açıqlanmır – vəsaitlər geri qaytarıldıqda bu, standart prosedurdur.
Beləliklə, aşkar edilmiş çatışmazlıqlar Avropa Parlamenti çərçivəsində məlumatın açıqlanması siyasəti ilə bağlı daha geniş problemi əks etdirir: nəticələrlə bağlı etiraz bildirilmədikdə bu prosesə cəlb olunanların şəxsiyyəti, bir qayda olaraq, açıqlanmır.
İnzibati xəta, yoxsa struktur boşluq?
Avropa Parlamenti iddia edir ki, pozuntuların bir çoxu texniki və ya prosedur səhvlərdən qaynaqlanır. Mətbuat xidmətindən bildiriblər ki, "qanunsuz fəaliyyət, fırıldaqçılıq və ya korrupsiya ilə bağlı istənilən şübhə barədə" Avropa Fırıldaqçılıqa Mübarizə Bürosuna (OLAF) və ya Avropa Prokurorluğuna məlumat verilməlidir. Lakin 2024-cü ildə aparılmış auditin nəticələrinə əsasən neçə işin baxılmaq üçün bu iki quruma yönləndirildiyi barədə məlumat yoxdur.
Eyni zamanda, daxili sənədlər AP administrasiyasında artan narazılıqdan xəbər verir. Xərclərin yenidən təsnifləşdirilməsi praktikası əvvəlki auditlərdə də öz əksini tapıb ki, bu da ötən il parlament məmurlarının partiyalardan bu praktikaya son qoymağı israrla tələb etməsinə səbəb olub. Bunun hər hansı bir təsirinin olub-olmadığı sonrakı auditlərin nəticələri əsasında məlum olacaq.
Bir audit dövrünün hüdudlarını aşan tendensiya
Son hadisələr göstərir ki, 2024-cü il seçkilərinin auditi zamanı aşkarlanmış problemlər sistemli xarakter daşıyır.
2025-ci ildə Fransa məhkəməsi Marin Le Peni və Avropa Parlamentinin bir neçə sabiq deputatını saxta parlament köməkçiləri sxemi vasitəsilə fırıldaqçılıqda təqsirli bilib – bu, Aİ vəsaitlərinin formal məşğulluq strukturları vasitəsilə təyinatına uyğun istifadə edilməməsinin ən bariz nümunələrindən biridir. OLAF-ın araşdırmaları qanunsuz istifadə edilmiş vəsaitlərin geri qaytarılmasına kömək edib.
Bundan başqa, "Le Monde" nəşri məxfi parlament auditinə istinadla iddia edir ki, keçmiş "İdentiklik və Demokratiya" fraksiyasının üzvləri 2019-2024-cü illər ərzində 700 min avrodan çox vəsaiti qanunsuz yönləndirib.
"Euronews"un təqdim etdiyi qiymətləndirmələrə görə, bu siyasi şəbəkə ilə bağlı dəymiş ümumi ziyan 4,33 milyon avroya qədərdir. Bu rəqəm sonradan Avropa Parlamentinin bəraət qərarı haqqında rəsmi sənədlərində təkrarlanıb. Bu sənədlərdə həm büdcə, həm də nüfuz riskləri barədə xəbərdarlıq edilib.
Şəffaflıq sahəsində boşluq dərinləşir
Ümumilikdə, bu nəticələr audit imkanları ilə ictimai şəffaflıq arasında struktur disbalansın olduğunu göstərir: pozuntular sistematik xarakter daşıyır, maliyyə düzəlişləri mütəmadi olaraq tətbiq edilir, lakin kimin məsuliyyət daşıdığı və ümumiyyətlə daşıyıb-daşımadığı qeyri-müəyyəndir.
Bu, mütəxəssislərin aşağı şəffaflıq səviyyəsinə malik uyğunluq rejimi kimi xarakterizə etdikləri bir vəziyyət yaradır. Burada qaydalara riayət olunması pozuntuların qarşısının alınmasından daha çox, dəymiş zərərin ödənilməsinə əsaslanır. Yəni sistem pozuntuların qarşısını almağa deyil, fırıldaqçılıq faktı aşkarlandığı təqdirdə vəsaitlərin geri qaytarılmasına yönəlib.
Ətraflı hesabatın olmaması da təkrar pozuntular zamanı sanksiyaların effektivliyinin qiymətləndirilməsini çətinləşdirir. Nəticədə belə bir təəssürat yaranır ki, sistem araşdırma əvəzinə "səssiz-səmirsiz həll"i təşviq edir. Beləliklə, sistem cinayətkar üçün boşluq saxlayır: fırıldaqçılıq faktı aşkarlandığı halda belə, məsuliyyətdən yayınmaq mümkündür.
Bazar riski, siyasi nəticələr
Maliyyə baxımından, aşkar edilmiş çatışmazlıq və pozuntuların məbləğləri Aİ büdcəsi ilə müqayisədə cüzidir. Lakin nüfuza dəyən ziyan tamamilə başqa məsələdir. Geniş kontekstdə onlar əhəmiyyətlidir, çünki Aİ-nin blokdan kənarda korrupsiyaya qarşı mübarizə məsələlərində "yumşaq gücünü" sarsıdır.
Son illərdə Avropa Parlamenti partiyaların maliyyələşdirilməsinə nəzarəti sərtləşdirməyə və audit standartlarını yüksəltməyə çalışıb. Lakin son nəticələr göstərir ki, nəzərəçarpacaq irəliləyiş yoxdur.
Maliyyə bazarlarında təkrarlanan "əhəmiyyətsiz" uyğunsuzluqlar çox vaxt nəzarət sistemində daha dərin boşluqlardan xəbər verir. Eyni məntiq burada da keçərlidir: kiçik, lakin mütəmadi xarakter daşıyan pozuntular sistem riskinə və lazımi nəzarətin olmamasına işarə edə bilər.
Artıq idarəetmə və hesabatlılıq məsələlərinə görə diqqət mərkəzində olan Aİ institutları üçün bu riskin uzun müddət sırf texniki xarakter daşıması ehtimalı azdır.