AQEM çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün öz potensialından istifadə etməlidir
- 09 sentyabr, 2025
- 12:24

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün öz potensialından tam istifadə etməlidir.
"Report" xəbər verir ki, bu barədə Hindistan Beynəlxalq Əlaqələr Şurasının baş direktoru vəzifəsinin icraçısı Nutan Kapur Mahavar AQEM-in Beyin Mərkəzləri Forumunun Bakıda keçirilən 13-cü iclasında bildirib.
Onun sözlərinə görə, indi çoxtərəfli qarşılıqlı fəaliyyətlə bağlı islahatların aparılması və regional inteqrasiyanın gücləndirilməsi çərçivəsində AQEM-in imkanlarına diqqət yetirmək vaxtıdır.
N.Mahavar qeyd edib ki, Asiya və dünyanın digər regionları hələ də təhlükəsizlik sahəsində pankontinental koordinasiya sisteminə malik deyil. Eyni zamanda, region insan təhlükəsizliyinə təhdidlərin daha kəskin olduğu Hind-Sakit okean regionu, Cənub-Şərqi Asiya, Əfqanıstan və Qərbi Asiyada uzunmüddətli münaqişələr və gərginliklə bağlı təhdidlərlə üzləşir.
"Hazırkı qlobal geosiyasi sarsıntılar dövlətlərin davranışını və təhlükəsizliyə yanaşmaları misli görünməmiş şəkildə dəyişdirir. Eyni zamanda, böhran vəziyyətləri yaradıcı həllər üçün imkanlar yaradır", - o vurğulayıb.