Antonio Koşta Fars körfəzi ölkələrinə səfər edəcək

Digər ölkələr
  • 13 aprel, 2026
  • 18:49
Antonio Koşta Fars körfəzi ölkələrinə səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin dövlət başçıları ilə görüşmək üçün aprelin 14-15-də həmin ölkələrə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Əsas diqqətimiz regional sabitliyi təmin etmək, mülki əhalimizi və maraqlarımızı qorumaq üçün Fars körfəzi ölkələrindən olan tərəfdaşlarla işləməyə yönəlib. Dayanıqlı sülhə yalnız danışıqlar və diplomatiya yolu ilə, ilk növbədə, region ölkələrinin rəhbərliyi altında nail olmaq mümkündür", - Koşta bildirib.

Səfərlər çərçivəsində o bu ölkələrin başçıları ilə İranda və regionda baş verən son hadisələri müzakirə edəcək, həmçinin möhkəm regional və qlobal təhlükəsizliyin təmin edilməsi yolları barədə fikir mübadiləsi aparacaq.

"Avropa İttifaqı Şurasının sədri Aİ-nin Fars körfəzi ölkələri ilə həmrəyliyini təsdiqləyəcək və gərginliyin azaldılmasına kömək etmək, eləcə də diplomatik səyləri dəstəkləmək sadiqliyini vurğulayacaq", - bəyanatda bildirilib.

Aprelin 14-də Aİ Şurasının rəhbəri Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla və Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanla görüşəcək. Aprelin 15-də Koşta Dohada Qətər əmiri şeyx Təmim bin Həməd Əl Tani ilə görüşəcək.