Ankara Liviyada mərkəzi hakimiyyətlə Xəlifə Haftar arasında dialoqun tərəfdarıdır
- 16 sentyabr, 2025
- 15:02

Ankara Liviyanın mərkəzi hakimiyyəti ilə şərq bölgələrini nəzarətdə saxlayan general Xəlifə Haftarın qüvvələri arasında konstruktiv dialoqun tərəfdarıdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən bildirib.
Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı və Xarici İşlər Nazirliyi vaxtaşırı Xəlifə Haftarın oğlu Səddam ilə əlaqə saxlayır: "Başqa sözlə, onlar bizdən təcrid olunmayıblar. Hesab edirik ki, Liviyada Şərq və Qərb arasında konstruktiv dialoq qurulmalıdır. Türkiyə Liviyanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin qorunmasını dəstəkləyir və bu istiqamətdə lazımi addımlar atır".
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, rəsmi Ankara münaqişənin ilk günlərindən Tripolidəki qanuni hökuməti dəstəkləyib.
Onun sözlərinə görə, dürüst və ədalətli seçkilər Liviyada siyasi prosesin irəliləməsinə kömək edə bilərdi.